YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərdi

Müsahibimiz Milli Məclisin deputatı, «Azəraqrartikinti» Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev

- Ağalar müəllim, Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi təntənə ilə qeyd  edilir. Onun böyük siyasi və dövlət xadimi kimi tariximizdəki rolu haqqında nə demək istərdiniz?

 - Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi bir faktdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. 

Bu gün  fəxrlə deyirik ki, Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar onların gücü, iradəsi sayəsində öz milli sərvətlərinə sahib olmaq və onları gələcək inkişafa yönəltmək imkanı qazanırlar. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı yerinə yetirmişdir. Bu böyük dövlət adamının irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilmişdir. Ölkəmizin bugünkü uğurları, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev yolunun, Onun azərbaycançılıq ideyasının davamıdır. 

Azərbaycanın bu gün əldə etdiyi uğurlar, beynəlxalq aləmdəki nüfuzu Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılmışdır. Bu bir reallıqdır ki, məhz Onun xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasət ölkəmizin XXI əsrin başlanğıcında regional liderliyini təmin etmişdir. 

Dahi şəxsiyyət Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılmışdır. Ulu Öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, Onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsildən-nəsillərə keçərək yaşayacaq. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirmişdir. Zəngin hadisələrlə dolu gərgin dövrlərdə ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini ən çətin sınaqlardan məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur.

Ümummilli lider  bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir.  Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Onun  adı bu gün, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin rəmzi kimi səslənir. O, bugünkü güclü, qüdrətli Azərbaycanı  öz əlləri ilə yaratmış, inkişaf etdirmiş, bütün dünyaya tanıtmışdır. Ümummilli Liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlamış, dönmədən həyata keçirilməsini təmin etmişdir. Bu dahi şəxsiyyət müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində, sözün həqiqi mənasında, böyük işlər görmüşdür. Ulu Öndərimizin həm keçmiş sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyil. Bu böyük və bənzərsiz şəxsiyyət millətini, xalqını  bütün bəlalardan  qorumuş, respublikada ictimai-siyasi sabitliyi təmin etmiş, vətəndaş qarşıdurmasını aradan qaldırmış, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etmişdir. Xalqımız Heydər Əliyev kimi dahi şəxsiyyətlə   qürur duyur,  ideyalarını həyata keçirməyə çalışır.

- Azərbaycan hazırda özünün qüdrətli, dinamik inkişaf dövrünü yaşayır. Sizcə, ölkənin hazırkı uğurlarının əsasında dayanan amillər nələrdən ibarətdir?

- Artıq 22 ildən çoxdur  ki, Azərbaycan xalqı öz əzəli və əbədi arzusu olan müstəqilliyinə qovuşub. Bu dövrə, ölkəmizin, xalqımızın, dövlətçiliyimizin keçdiyi yola nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı bu yolu uğurlu, şərəfli və gələcəyə çox böyük ümidlər yaradan bir yol kimi görür. Müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının,  Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Bu gün ölkəmiz sürətlə inkişaf edir. Azərbaycan keçmiş sovetlər birliyinin tərkibində olduğu illəri xatırlayaq. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri olanda ölkəmiz ittifaq respublikaları içərisində ən aşağı iqtisadiyyata malik idi,  geridə qalmışdı. Yaşlı nəsil də çox yaxşı xatırlayır ki, Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəldikdən sonra sənaye, kənd təsərrüfatı, təhsil və s. sahələr çox sürətlə inkişaf etdi. 1969-1982-ci illərdə Azərbaycan ittifaq respublikaları arasında geridə qalan ölkədən qabaqcıl ölkəyə çevirdi.  Lakin bu illərdən sonra müasir Azərbaycanın tarixində mürəkkəb dövr başlandı.  Həmin dövrdə sovetlər ittifaqının dağılması prosesi başlandı. Bu prosesdə bütün ittifaq respublikaları iştirak etdi, hər biri müstəqillik qazandı. O dövrdə baş verən ictimai-siyasi hadisələri təhlil edəndə belə bir ağrılı nəticəyə gəlirik ki, Azərbaycan həmin prosesdə ən çox faciələrlə rastlaşan, itkilər verən, müstəqilliyə gedən yolda ən uğursuz seçimlər edən ölkə olub. Sovet ittifaqından ayrılmış on beş dövlətin heç biri Azərbaycan qədər itirməyib, Azərbaycan qədər əzab-əziyyət görməyib. Azərbaycan minlərlə şəhid verib. O zaman müharibədə həlak olanların əksəriyyəti gənclər idi.
Bu dövrdə Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olundu, bir milyondan artıq soydaşımız hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalını təsdiq edən və torpaqların dərhal azad edilməsini tələb edən qərar və qətnamələri mövcuddur. 

Bu məsələ ilə əlaqədar bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev  Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılış mərasimində söyləmişdir: “Hazırda biz tarixdə heç vaxt olmadığı kimi beynəlxalq təsisatların dəstəyinə malikik. Bunun bir nümunəsi bizim BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdə 155 ölkənin lehimizə səs verməsi oldu. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyətin tam əksəriyyəti bizi dəstəklədi. Hətta ikitərəfli münasibətlərimiz o qədər fəal olmayan ölkələr belə bizi dəstəklədi. Onlar bizə etimad göstərdilər. Çünki bilirdilər ki, biz öz vədlərimizi yerinə yetirəcəyik. BMT-nin Təhlükəsizik Şurasının üzvü kimi əsas gündəliyimiz hüququn aliliyini və ədaləti qorumaq idi. Fikrimcə, bunlar indiki dünyanın iki ən əsas elementidir. Əfsuslar olsun ki, onların hər ikisi kobud şəkildə pozulub. Bu pozulmaya reaksiya yoxdur, çünki erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Həmin qətnamələrdən heç biri həyata keçirilməyib. İşğal davam edir. Biz etnik təmizləməyə məruz qalmışıq. Ölkəmizin tarixi hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır.”

Bəli, bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Bu faciə ona görə baş verdi ki, Azərbaycanın müstəqillik ərəfəsində və müstəqilliyinin ilk illərində yaşadığı faciələrin, çətinliklərin qarşısının alına bilməməsinin əsas səbəbi ölkədə xalqın etimad bəslədiyi, insanları arxasınca apara bilən, öz torpağına, xalqına intəhasız məhəbbəti, sədaqəti olan bir insanın, yəni Heydər Əliyevin rəhbərlikdə olmaması idi. Ona görə də, sahibsiz qalan ölkə bu qədər faciələrlə üzləşdi. Həmin dövrdə Azərbaycan həm də müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndərin Azərbaycana qayıtması ilə fəlakətlərə son qoyuldu, ölkə dirçəlməyə başladı. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə ölkənin yaraları sağalmağa başladı. Müdrik, ağıllı siyasəti ilə Heydər Əliyev birinci növbədə, Azərbaycanın müstəqilliyini itirməsinə yol vermədi. Müstəqilliyi əldə etmək kifayət deyil, həm də onu qoruyub saxlamaq lazımdır. Bugünkü gənclər xoşbəxtdir ki, Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşayırlar.

- Bu gün tarixi missiyanı Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdrir. Azərbaycan bu gün sürətli və dinamik inkişaf yolundadır... 

- Ulu Öndərimizin ölməz ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Bunun nəticəsində də ölkəmiz bütün sahələr üzrə inkişaf etməkdədir. İlk növbədə iqtisadiyyatımızın inkişafını xüsusi vurğulamaq istəyirəm. Çünki iqtisadi inkişaf digər sahələrin inkişafında da müstəsna rol oynayır. Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, hansısa dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir. 

Bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Azərbaycan Prezidenti bəyan edib ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Güclü iqtisadiyyat həmçinin, əhalinin rifahının daha da yüksəldilməsi istiqamətində uğurlu addımların atılmasını şərtləndirir. Bu gün əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönündə uğurlu siyasət həyata keçirilir ki, bu ciddi nəticələrin əldə olunması ilə müşayiət olunur. 

Prezident İlham Əliyev  Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılış mərasimində söyləmişdir: «Müstəqillik baxımından ölkəmiz gəncdir. Müstəqilliyimizin əldə edilməsindən sonra cəmi 22 il keçməsinə baxmayaraq, belə bir qısa tarixi müddətdə müxtəlif məsələləri həll etməli olduq. Başlanğıcda bir çox problemlərdən, siyasi və iqtisadi çətinliklərdən əziyyət çəkmişik. İndi isə, Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğu dövrdə bu dəyişiklik sadəcə gözlərimiz qarşısındadır və şadıq ki, biz bu prosesin bir hissəsi olmuşuq və həmçinin Azərbaycanın müasir dövlətə çevrilməsində fəal iştirak edirik.»”

- Ağalar müəllim, «Azəraqrartikinti» Səhmdar Cəmiyyətinin gördüyü işlərə qısaca nəzər salmağınızı xahiş edirik...

-  Qeyd etdiyimiz kimi, bütün fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin rəhbərliyi  ilə həyata keçirilən Bakı və Bakıətrafı qəsəbələrin,  regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Paytaxt və bölgələrdə adadlıq işləri geniş vüsət alıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, rayonlar arasında sağlam rəqabət  ölkənin hərtərəfli inkişafını daha da sürətləndirir. Uğurlarımız hər zaman yeni-yeni məqsədlərə yol açır. Təbii ki, bu hədəflərə çatmaq üçün birgə səylərə böyük zərurət duyulur. Hər bir   aidiyyatı qurum  üzərinə düşən vəzifənin lazımi səviyyədə yerinə yetirməklə inkişafın dinamikliyinə, davamlılığına dəstək vermiş olur.

«Azəraqrartikinti» Səhmdar Cəmiyyətinin də  son on ildə gördüyü işlər az deyil. Bu  sırada  Milli Məclisin  inzibati binasının əsaslı təmir  olunmasını və yeni korpusunun inşasını, Heydər Əliyev adına sarayın əsaslı təmirini, Goranboy və Göygöl rayonlarının su kanalizasiyası sistemlərinin yenidən qurulmasını, respublikanın bir sıra rayonlarında  qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli  yaşayış binalarının və fərdi yaşayış evlərinin tikinitsini, Bakı şəhərinin 5 rayonunda təhsil müəssisəsiinin əsaslı təmirini, yenidən qurulmasını, yeni tədris  korpusunun tikintisini qeyd edə bilərik. Təbii ki, görülən işlər sadalananlarla  məhdudlaşmır, davamlı xarakter daşıyır. 
Qeyd edim ki, mayın 5-də  dövlət başçısı İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və  AMEA-nın «Azərbaycan Milli Ensiklopediyası»  Elmi Mərkəzinin yeni binalarının tikintisi də «Azəraqrartikinti» Səhmdar Cəmiyyəti  tərəfindən həyata keçirilib. Binalarda lazım olan bütün şərait yaradılıb. Görülən işlərlə yaxından tanış olan  möhtərəm Prezidentimiz İlham Əliyev razılığını ifadə etdi və tapşırıqlarını verdi. 

Hər bir çıxışında Azərbaycanın uğurlarına diqqət yönəldən dövlət başçısı İlham Əliyev bu fikri bildirir ki, biz daim irəliyə baxmalıyıq. Modernləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir. Müasir texnologiyalarla təminat elmi əsaslara söykənən iqtisadiyyatımızın inkişafını daha da sürətləndirir.  Təbii ki, bu tələb, bu çağırış bizi daha səylə çalışmağa, görülən işlərin  beynəlxalq standartlara uyğun həyata keçirilməsini  təmin etməyimizə  stimul verir.   

Uğurlarımızın fonunda bir daha bu gerçəkliyi qeyd etmək istərdim ki, zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir. 

Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən xalqın sonsuz məhəbbətini qazandı – müdrik siyasəti, Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi, xalqına olan qədərsiz sevgisi ilə! Bir Lider və şəxsiyyət kimi İlham Əliyev xarakterinin ən bariz xüsusiyyətlərindən biri – sözünün sahibi olmasıdır. Azərbaycan xalqı qəti əmindir: onun Prezidenti vəd veribsə, sözsüz yerinə yetirəcəkdir. «Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa layiqdir və bundan ötrü əlimizdən gələni əsirgəməyəcəyik» – vədini də Prezident İlham Əliyev şərəflə yerinə yetirməkdədir.